Çovdar yatağı
“Çovdar” qızıl yatağı Daşkəsən rayonunun şimal hissəsində yerləşir. Yatağın təsdiqlənmiş ümumi qızıl ehtiyatı təxminən 51,5 ton təşkil edir. Bunun təxminən 11,3 tonu yerüstü (oksid), təxminən 40,2 tonu isə yeraltı (sulfid) filizlərdən ibarətdir. Oksid fazası üçün iqtisadi baxımdan rentabelli və texniki cəhətdən hasilatı mümkün olan qızıl miqdarı təxminən 7,3 ton təşkil edir.
Yatağın geoloji quruluşu hidrotermal dəyişmiş süxurların geniş yayılması, barit–polimetal damarlarının, həmçinin polimetal və mis-sulfid tərkibli damarcıq-möhtəvi filizləşmə sahələrinin mövcudluğu ilə xarakterizə olunur. Hüdudlandırılmış və 150 metrədək dərinlikdə öyrənilmiş “Mərkəz” filiz cismində qızılın miqdarı orta hesabla 8–10 q/t, geniş diapazonda isə 1–100 q/t təşkil edir.